Rusiya `açıq kart`lara keçir – Prezidentlərin görüşünə şərh


15:59     22 İyul 2017 2-4_1500705395.jpg

“Rusiya son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fəallaşmağa başlayıb. Putinin bu məsələdə təşəbbüsü öz üzərinə götürməsi xüsusilə diqqət çəlb edir”.


Bunu Azərbaycan Prezidentli İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Soçi şəhərində keçirilən görüşü Femida.az-a şərh edərkən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirdi ki, ilk növbəddə ATƏT-in prezidentləri görüşdürməyə cəhd etməsi, xarici işlər nazirlərinin görüşünün təşkil olunması, Prezident İlham Əliyevin Polşa və Latviyaya səfərləri, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı, Tillersonla İlham Əliyevin İstanbulda görüşü və s. bu kimi siyasi proseslər Rusiyaya çox təsir elədi:

“Moskva gördü ki, rıçaqlar artıq əldə çıxır və status-kvonu qoruyub saxlamaq üçün passiv siyasət yürütməsi nəticə vermir. Belə bir şəraitdə Putin Azərbaycan-Rusiya münasibətlərini “qaydaya salmaq” üçün Prezident İlham Əliyevi Soçi şəhərinə dəvət etdi. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son vaxtlar Rusiya rəsmiləri Azərbaycanın suverenliyini təhlükə altına atacaq fikirlər səsləndirmişdilər. Buna görə də Moskva ilə Bakı arasında soyuq küləklər əsirdi. Azərbaycanın başqa siyasi orientasiya götürmək cəhdini görən Rusiya belə bir görüşün təşkil edilməsinin təşəbbüsçüsü oldu”.



Politoloqun fikrincə, Putin yaxşı bilir ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və regionda hər an “isti müharibə” təhlükəsi vardır:

“Danışıqlar prosesi yenidən işə salınıb. Bu prosesin nəticə verib-verməyəcəyi Ermənistanın konstruktiv mövqeyindən asılıdır. Putin həm sülhpərvər missiyasını işə salmaq istəyir, həm də hər iki tərəfi kompromisə meyilləndirməyə çalışır. Rusiya son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “açıq kartlar”la oynamağa başlayıb. Moskva 5 rayonun Azərbaycana qaytarılması məsələsini hələ aprel döyüşlərindən sonra gündəmə gətirmişdi. Hətta Lavrov ötən il bildirmişdi ki, guya Ermənistan razılığa gəlib. Mərhələli həll planı əsasında Dağlıq Qarabağın hüdudlarından kənardakı ən azından 5 rayonun azad edilməsi məsələsi yenidən gündəmə gətirilsə, bu, danışıqlar prosesinə stimul verə bilər. Qalan iki rayon və Dağlıq Qarabağın statusunun həll edilməsi sonraya saxlanıla bilər. Ermənilər ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları tərk etməlidir. Bunu həm beynəlxalq təşkilatlar, həm super güclər deyir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 15520